Abstract:
Məlumdur ki, müasir iqtisadi şəraiti banklar olmadan
təsəvvür etmək qeyri-mümkündür. Banklar istənilən şəxsin və ya şəxslər qrupunun
sərəncamında olan artıq vəsaitin (izafi) onlardan müəyyən faiz müqabilində qəbul
edilməsi və ehtiyacı olan şəxslərə ötürülməsi funksiyasını özündə ehtiva edir.
Aparılan araşdırmalar onu deməyə imkan verir ki, bu gün bankların əksəriyyətinin
fiziki və hüquqi şəxslərə ayırdığı kreditlər onların şəxsi vəsaiti hesabına deyil, izafi
vəsaitə sahib olan şəxslərdən aldıqları maliyyə mənbələri hesabına təmin olunur.
Belə olanda isə alınan borcların vaxtında geri qaytarılmaması, son nəticədə bankı
izafi vəsaitə məxsus olan şəxslər qarşısında çətin vəziyyətdə qoyur. Bank almış
olduğu əmanəti mütləq şəkildə faizi ilə birlikdə izafi vəsaiti olan şəxsə qaytarmağa
borcludur. Bankların vermiş olduqları kreditlərdə gecikmələr olduğu təqdirdə isə
bank əmanətçiyə öz vəsaiti hesabından ödəmə etməli olur ki, bu da son nəticədə
bankların aktivlərinin azalmasına səbəb olur. Bu baxımdan da hər bir bankın
qarşısında duran ən əsas vəzifələrdən biri ayırdığı kreditləri risk qrupları üzrə
təsnifləşdirmək və qaytarılması ehtimalı daha yüksək olan (az riskli) şəxslərə
verilməsini təmin etməkdir. Bu zaman ortaya çıxan ən əsas məsələ isə qısamüddətli
riskli kreditlərin intellektual idarə edilməsi sisteminin qurulmasıdır. Banklar
qısamüddətli riskli kreditləri intellektual formada idarə etməklə daha az zərərə
uğraya bilərlər. Bu baxımdan da dissertasiya işinin mövzusunun nə qədər aktual
olduğunu görə bilərik. Eyni zamanda da bu sahənin araşdırılması məsələyə praktiki
və kompleks yanaşmanın olmasının vacibliyini də ortaya qoyur.